CASCFEN Lənkəranda müəllimlər üçün seminar keçirib – VideoCASCFEN has conducted a seminar for teachers in Lankaran – Video

Bakı, CASCFEN, 09.06.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla iyunun 8-də Lənkəranda “Cənub bölgəsi müəllimləri üçün onlayn ifadə azadlığı mədəniyyəti” seminarı keçirib.

Seminardan görüntülər
Seminardan görüntülər

Lənkəran şəhərindəki 7 saylı məktəbdə baş tutmuş seminarda Lənkəranla yanaşı Astara və Masallı rayonlarından ümumilikdə 29 nəfər iştirak edib.

Seminarı giriş sözü ilə açan CASCFEN sədri Azər Həsrət layihəni dəstəklədiyinə görə Azərbaycan dövlətinə təşəkkür edib.

Daha sonra o, Lənkəran şəhər icra hakimiyyətinə, həmçinin 7 saylı məktəbin direktoru Ülviyyə Əliyevaya yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Çıxış edən Ü.Əliyeva da iştirakçıları salamlayaraq təşkilatçılara təşəkkürünü bildirib və bölgə müəllimləri üçün belə seminarların faydalı olacağını deyib.

Lənkəran rayon təhsil şöbəsinin aparıcı mütəxəssisi Cəmil Axundzadə də öz növbəsində qonaqlara və iştirakçılara seminarda uğurlar arzu edib.

Bundan sonra seminarın ilk çıxışçısı Azər Həsrət iştirakçılara ifadə azadlığına təminat verən beynəlxalq və milli normalar haqqında danışıb. O, qeyd edib ki, Azərbaycan dövləti istər beynəlxalq normalar, istərsə də milli qanunlar çərçivəsində hər cür azadlıqlara şərait yaradıb.

“Amma bəzən insanlarımız belə şəraitdən sui-istifadə edir ki, bu da cəmiyyətdə arzuolunmaz durumlara səbəb olur. Biz unutmamalıyıq ki, dövlətin humanizmindən sui-istifadə son nəticədə elə biz vətəndaşlara zərər vuracaq. Ona görə də hər birimiz çalışmalıyıq ki, yaradılan şəraitdən səmərəli istifadə edək. Özəlliklə də onlayn müstəvidə davranışlarımıza diqqət yetirməliyik”, – deyə Azər Həsrət bildirib.

Bundan sonra çıxış edən daha bir ekspert – CASCFEN Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əsgərova iştirakçılara netiketin 10 qızıl qaydası haqqında danışıb. Hər qayda haqqında geniş bilgi verən, eyni zamanda iştirakçıların fikirləri ətrafında müzakirəyə şərait yaradan Sevda Əsgərova müəllimlərin fəallığından razı qaldığını bildirib.

Seminar və sertifikatlar
Seminar və sertifikatlar

Seminarın sonunda təkrar çıxış edən Azər Həsrət bildirib ki, tədbirin Lənkəranda təşkilində yaxından iştirak etdiyi üçün layihənin bölgə üzrə koordinatoru Səadət Kazımova CASCFEN-in diplomuyla təltif edilir. Daha bir diplom isə mütərəqqi fikirlərinə və yenilikçiliyə töhfələrinə görə 7 saylı məktəbin direktoru Ülviyyə Əliyevaya təqdim edilib.

Sonda iştirakçılara CASCFEN-in sertifikatları təqdim edilib, xatirə şəkli çəkdirilib.

İştirakçıların bir qrupuyla xatirə şəkli
İştirakçıların bir qrupuyla xatirə şəkli

Seminardan bütün şəkillər burada.

CASCFEN Mətbuat Xidməti

Number of View: 9577