CASCFEN virtual ələmlə bağlı konfrans keçirdiCASCFEN has conducted a conference on virtual world

Tədbirdən görüntülər
Tədbirdən görüntülər

Bakı, CASCFEN, 26.07.2014 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Mətbuat Şurasının ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla “Virtual aləmdə etik normaların gözlənilməsi” adlı layihə çərçivəsində konfrans keçirib. Bu barədə CASCFEN sədrinin müavini, layihənin rəhbəri Rey Kərimoğlu bilgi verib.

O deyib ki, aprel ayından icrasına başlanan layihənin əsas məqsədi cəmiyyətimiz üçün yeni münasibətlər forması olan virtual aləmdə davranışların tənzimlənməsinə yardımçı olmaqdır. “Altı ay davam edəcək layihə artıq insan həyatının inkar edilməz tərkib hissəsinə çevrilmiş virtual mühitdə tələb edilən davranış qaydalarının təbliği və populyarlaşdırılmasına hesablanıb. Yəni çox zaman insanlar kompüter arxasında oturub elə düşünürlər ki, yazacaqları fikirlər, yaxud da virtual aləmdə göstərəcəkləri hərəkətləri heç kim görmür. Buna görə də əxlaq və birgəyaşayış qaydalarının tələbləri tez-tez pozulur, fərdlər və qruplar arasında kataklizmlər yaşanır. Layihə çərçivəsində onlayn istifadəçilərə izah ediləcək ki, etik normalar heç də adi həyatdakından fərqli deyil. Əksinə, burada daha ədəbli davranmaq tələb edilir”, – deyə R.Kərimoğlu bildirib.

Konfransın ekspertləri – Demokratik Jurnalistlər Liqasının sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli və CASCFEN İdarə Heyətinin üzvü, “Kaspi” qəzetinin əməkdaşı Lalə Musaqızı çıxış ediblər.

CASCFEN-in sədr müavini, layihənin koordinator köməkçisi, “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Nadir Azəri, “AzPress.az” saytının rəhbəri, tanınmış fotoqraf Rasim Sadıqov, “Veteninfo.az” saytının rəhbəri Nahid Canbaxışlı, Qərb Universitetinin müəllimi Akif Şahverdiyev, “Millətçilik” qəzetinin baş redaktoru Pərviz Elay çıxış edərək layihənin əhəmiyyətindən danışıb, qaldırılan problemin aktuallığını xüsusi ilə vurğulayıblar.

Qeyd edək ki, “Virtual aləmdə etik normalar” adlı kitabça da hazırlanacaq.

CASCFEN mətbuat xidməti

Number of View: 24775